18 Aprel 2024
“Elman Rüstəmov Vətənini sevən bankir olsa idi, Beynəlxalq Bankdan 5 milyard "itməzdi" - Qubad İbadoğlu

“Elman Rüstəmov Vətənini sevən bankir olsa idi, Beynəlxalq Bankdan 5 milyard "itməzdi" - Qubad İbadoğlu

01 Noyabr 2021
Baxış: 698

Elman Rüstəmov açıqlama verib ki, devalvasiya olmayacaq və bunu dünya bazarında neftin qiymətinin bahalaşması ilə əlaqələndirib, jurnalistləri və ekspertləri sosial məsuliyyətə dəvət edib.

Əvvəla, Elman Rüstəmov növbəti devalvasiya olmayacaq deyə bilər. Hər kəsin yaxşı yadındadır ki, 2014-ci ilin sonuna qədər Elman Rüstəmov israrla deyirdi ki, devalvasiya olmayacaq. Amma 2015-ci ilin fevral və dekabr aylarının 21-də baş verən devalvasiyadan sonra Azərbaycan manatı 2 dəfə ucuzlaşdı. Görəsən, o zaman sosial məsuliyyət hissi yox idi?

İkincisi, Elman Rüstəmov elə sevinclə danışır ki, elə bil dünya bazarında neftin qiymətini özü bahalaşdırıb. Devalvasiya olmayacağını da neftin dünya bazar qiymətlərinin bahalaşmasına görə Azərbaycanın valyuta gəlirlərinin artması ilə əlaqələndirir. Eyni zamanda onun əksini də təsdiq edir ki, qiymətlər ucuzlaşarsa devalvasiya da ola bilər. Əslində belə halları 2014-16-cı illərdə yaşadıq, 2020-ci ildə risklər artsa da devalvasiya siyasi qərarın təsirindən baş vermədi.

Üçüncüsü, unutmayaq ki, manatın uzun müddətli sabit, əslində ölü kursu iqtisadiyyatda ciddi problemlər yardır, yerli istehsalı və qeyri-neft ixracat potensialını zəiflədir, idxalı stimullaşdırır, sahibkarlar və banklar çox ağır durumdadırlar, devalvasiya olmasa da banklar bağlanır, indiyədək bağlanan 15 bankdan əhaliyə və biznesə yüz milyonlarla zərər dəyib. Hazırda bəzi banklar yenə də bağlanma riski ilə üz-üzədir. Banklar izafi likvidlik (kredit verəkdə çətinlik çəkirlər) problemini yaşayır, onun bir səbəbi sahibkarlıq mühitinin pis, digər səbəbi də faiz dərəcələrinin yüksək olmasıdır. Buna baxmayaraq Elman Rüstəmov uçot dərəcəsini qaldırır. Çünki, özü də yaxşı bilir ki, ölkədəki faktiki inflyasiya rəsmi rəqəmlərdən qat-qat yükskdir. Elə bu səbəbdən də ölü vəziyyətdə qalan heç bir tənzimləmə funksiyasına malik olan manat gündən-günə alıcılıq qabliyyətini itirir.

Nəhayət, 30 il ərzində bazar qüvvələrinin təsiri ilə formalaşan məzənnə siyasətinə nail ola bilməyən Elman Rüstəmov müstəqil və vətənini sevən bankir olsa idi, Azərbaycandan oğurlanan gəlirlərin və sərvətlərin, talana büdcənin sorağı Panama, Cənnət, Vikileks, Pandorda dosyelərindən və Landromat, Kürü diplomatiyası hesabatlarından gəlməzdi, Beynəlxalq Bankdan 5 milyard "itməzdi". Odur ki, heç olmazsa abrına qısılıb susmaq lazımdır, əgər o varsa.

Qubad İbadoğlu,

iqtisadçı alim