19 Aprel 2024
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 9 milyon nəfəri ötüb

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 9 milyon nəfəri ötüb

22 İyun 2020
Baxış: 417

Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 130 min 382 nəfər artaraq 9 milyonu ötüb.

AJM pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyindən daha 3 min 338 nəfər həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 9 milyon 64 min 449 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 470 min 978 nəfərə çatıb. Eyni zamanda, 4 milyon 849 mindən çox xəstə sağalıb, müalicəsi davam edən 3 milyon 744 min 360 nəfərdən 54 min 742-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 356 min nəfərdən çoxdur. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 86 min 990), Rusiya (592 min 280), Hindistan (426 min 910), Böyük Britaniya (304 min 331) və İspaniya (293 min 352) gəlir.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 122 min 248 nəfər. İlk beşliyə daxil olan Braziliyada 50 min 659, Birləşmiş Krallıqda 42 min 632, İtaliyada 34 min 634, Fransada isə 29 min 640 nəfər koronavirus səbəbindən vəfat edib.

Teqlər: Dünya