19 Aprel 2024
Dərslər oktyabrın 1-də başlayacaq? - CAVAB

Dərslər oktyabrın 1-də başlayacaq? - CAVAB

01 Sentyabr 2021
Baxış: 589

Yeni tədris ilinin başlanmasına iki həftə vaxt qalıb. Amma hələ də yeni dərs ilinin hansı formada başlanacağı barədə yekdil qərar verilməyib.

Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu günlərdə açıqlamasında tədrisin hansı formada başlayacağının avqustun sonunda bəlli olacağını bildirmişdi.

Öz növbəsində nazirlikdən verilən məlumata görə pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır və burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir.

MÖVZU İLƏ BAĞLI:

“Əyani təhsil 1 noyabrdan əvvəl başlamamalıdır” - MÜTƏXƏSSİS


Tədrisin hibrit formada keçiriləcəyi ilə bağlı da söyləntilər var. Artıq məktəblərdən şagirdlərə dərs vəsaitlərinin götürülməsi ilə bağlı xəbərdarlıqlar göndərilir. Amma müəllimlər dərslərin hansı formada keçiriləcəyini nə valideynlərə, nə də şagirdlərə açıqlayırlar. Özləri də bu məsələdən xəbərsiz olduqlarını əsas gətirlər.

Xatırladaq ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov də Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib ki, sentyabrın 15-də dərslər bərpa olunacaq. Bir şərtlə ki, təhsil işçilərinin 80 faizinin peyvənd olunması vacibdir. Valideynlərin vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb isə yoxdur.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan və Təhsil Nazirliyindən hər hansı cavab ala bilmədik.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov açıqlamasında deyib ki, aidiyyəti qurumların məqsədi ənənəvi tədrisə qayıtmaqdır:

“Bununla belə dərs ilinin başlanmasının oktyabrın 1-nə qədər uzadılması barədə də şaiyələr gəzir. Son qərara çox ehtimal ki, həftə ərzində Nazirin keçirəcəyi brifinqdə aydınlıq gətiriləcək”, deyə qurum rəsmisi əlavə edib. (Bizim.Media)