26 Aprel 2024
Çin ordusu Hindistanla sərhəddə baş verən toqquşmaya dair açıqlama yayıb

Çin ordusu Hindistanla sərhəddə baş verən toqquşmaya dair açıqlama yayıb

17 İyun 2020
Baxış: 545

Çin Xalq Azadlıq Ordusunun qərb qoşunları komandanlığı iyunun 15-də Çin-Hindistan sərhədində ölümlə nəticələnən toqquşma ilə bağlı açıqlama yayıb.

AJM xəbər verir ki, açıqlamada iyunun 15-də gecə saatlarında Hindistan hərbçilərinin üzərinə götürdüyü öhdəlikləri pozaraq, iki ölkə arasında sərhəd rolunu oynayan faktiki nəzarət xəttini yenidən keçərək, Qalvan çayı vadisində təxribat xarakterli hücumlar törətdiyi qeyd olunub. Bu, hər iki tərəfin qoşunları arasında ölüm və yaralanmalar ilə nəticələnən şiddətli fiziki toqquşmaya səbəb olub.

Çin ordusu hadisənin baş verdiyi Qalvan çayı vadisinin Çinin suverenliyi altında olduğunu, Hindistan hərbçilərinin iki ölkə arasında sərhəd xətti ilə bağlı əldə etdiyi razılaşmanı dəfələrlə pozduğunu bəyan edib. Bundan başqa, hind sərhədçiləri iki ölkənin hərbi qurumları arasında münasibətlərə də zərər vurub.

Çin Hindistan tərəfini bütün təxribatçı fəaliyyətini dərhal dayandırmağı, fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyi tələb edib.

Qeyd edək ki, iyunun 15-də iki ölkənin öz ərazisi hesab etdiyi Qalvan çayı vadisində nəzarət xəttində toqquşma baş verib. Rəsmi Dehli Hindistan tərəfindən 20 hərbçinin öldüyünü açıqlayıb. Bildirilir ki, 6 saata yaxın davam edən toqquşma zamanı tərəflər bir-birinə daş və bərk cisimlər tullayıblar. Bu, tərəflər arasında sərhəd zonasında ilk “daş döyüşü” olmasa da, 1975-ci ildən bəri iki ölkə arasında ölümlə nəticələnən ilk toqquşmadır. Hadisə zamanı Çin tərəfdən də ölənlərin olduğu bildirilsə də, Pekin ölü və yaralı sayı barədə açıqlama verməyib.

Hindistan XİN toqquşmaya səbəb kimi Çin hərbçilərinin tərəflər arasında faktiki sərhəd rolunu oynayan nəzarət xətti barədə razılığı pozmasını və birtərəfli formada status-kvonu dəyişməyə cəhd etməsini göstərib.

Teqlər: Çin ordusu