28 Mart 2024
"China Daily": Azərbaycan iqtisadiyyatı koronavirus böhranının öhdəsindən minimum itkilərlə gələcək

"China Daily": Azərbaycan iqtisadiyyatı koronavirus böhranının öhdəsindən minimum itkilərlə gələcək

28 Aprel 2020
Baxış: 373

Çinin nüfuzlu "China Daily" qəzetində "Azərbaycan iqtisadiyyatı koronavirus infeksiyası və neft böhranının öhdəsindən gələ biləcəkmi?" adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda iqtisadiyyatın COVID-19 pandemiyası və azalan neft qiymətləri fonunda yaranan böhranın öhdəsindən gələ bilməsi üçün görülən işlərdən söz açılır. Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının nə dərəcədə möhkəm dayaqlar üzərində bərqərar olduğunu nümayiş etdirən amildən biri ümumi daxili məhsulun (ÜDM) cari ilin ilk 3 ayında 1,1 faiz, qeyri-neft sektorunun isə 3,5 faiz artımıdır. Eyni zamanda, cari ilin ilk 3 ayında informasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatında 3,7 faiz, yük daşımalarında isə 7,2 faiz artım olub. Azərbaycanın cari böhrandan minimal itkilərlə çıxmaq üçün iqtisadi terminlə desək, çox böyük "təhlükəsizlik yastığı" mövcuddur. Bununla yanaşı, dövlət borcu da çox aşağı səviyyədədir.

Məqalənin müəllifi "EurAsiaAz" Beynəlxalq ekspert klubunun direktoru, "Vzglyad.az saytının baş redaktoru Seymur Məmmədov qeyd edir ki, bu böhran şəraitində Azərbaycan maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etməyib. Halbuki 150-dən çox ölkə BVF və ya Dünya Bankına yardım almaq üçün müraciət edib. Azərbaycanın isə kifayət maliyyə ehtiyatları var. Bu da iqtisadiyyatın yeni dönəmdəki inkişafı və onun səngiyən sahələrini yenidən işə salmaq üçün çox böyük imkanlar yaradır.

Bildirilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində mühüm addımlar atılıb və bu gün də atılmaqdadır. Belə ki, artıq pambıq əkini başlanıb. Tütün, şəkər çubuğu, tərəvəz, kartofun da əkini həyata keçiriləcək. Aqrar kreditləşməyə və inkişafa Prezidentin Ehtiyat Fondundan 30 milyon manat (17 milyon dollar) ayrılıb.

Müəllif qeyd edir ki, Azərbaycanın hətta böhran şəraitində inkişafı və digər ölkələrə nisbətən daha az ziyan görməsi ölkə başçısının ardıcıl apardığı müdrik, düzgün iqtisadi siyasətin və strategiyanın nəticəsidir.

Teqlər: Pekin