25 Aprel 2024
Beynəlxalq cinayətlərin cəzalandırılması qaçılmazdır

Beynəlxalq cinayətlərin cəzalandırılması qaçılmazdır

30 Avqust 2021
Baxış: 753

Uzun illərdən bəri qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürən, işğalçılığı dövlət siyasətinin əsas prioritetinə çevirən, Azərbaycan xalqına qarşı silsilə soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələr törədən Ermənistan nümayişkaranə şəkildə beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud formada pozub. Bunun bariz nümunəsi erməni tərəfinin əsir və girov götürülmüş şəxslərlə davranışıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, əvvəlki dövrlərdə Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşlarımızın zorakılıqla yoxa çıxarılanlarından 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır və Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, onların taleyi bəlli deyil. Ermənistanın belə davranışının yalnız bir adı var - beynəlxalq cinayət.

21 Dekabr 2010-cu ildə BMT-nin Baş Assambleyası insanların zorakılıqla yoxa çıxarılması hallarının artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, xüsusi qətnamə qəbul edilib və həmin sənədə uyğun olaraq 30 avqustu “Zorakılıqla Yoxa Çıxarmaların Qurbanlarının Beynəlxalq Günü” elan olunmasına qərar verilib. Bundan əlavə, Baş Assambleya BMT-nin üzvlərinə, BMT sisteminə daxil olan qurumlara, beynəlxalq və regional təşkilatlara, vətəndaş cəmiyyətinə 30 avqustun qeyd edilməsi ilə bağlı çağırış ünvanlayıb. Həmin vaxtdan başlayaraq, beynəlxalq birlik hər il zorakılıqla yoxa çıxarmaların qurbanlarını və itkin düşənləri bir daha yada salaraq, bu əhəmiyyətli məsələyə diqqəti cəlb edir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı 20 dekabr 2006-cı tarixində “Zorakılıqla yoxa çıxarmalardan bütün şəxslərin müdafiəsi haqqında” Beynəlxalq konvensiya qəbul edərək (23 dekabr 2010-cu ildə qüvvəyə minmişdir), beynəlxalq hüquqla nəzərdə tutulmuş hallarda bu əməli insanlıq əleyhinə cinayət elan edib. Konvenisyanın beşinci maddəsinə görə, zorakılıqla yoxa çıxarmanın geniş yayılmış və ya sistematik istifadəsi, tətbiq olunan beynəlxalq hüquqda müəyyən edildiyi kimi, insanlıq əleyhinə cinayətdir və beynəlxalq hüquqda nəzərdə tutulan nəticələrə səbəb olur.

Həmçinin vurğulamaq lazımdır ki, 1998-ci il iyun-iyul aylarında keçirilmiş Roma Diplomatik konfransında yaradılan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin yeddinci maddəsinin birinci hissəsinin “İ” bəndinə əsasən, qeyd edilən əməllər məhz insanlıq əleyhinə cinayət kimi nəzərdə tutulub və fiziki şəxslərin bu məhkəmə orqanı qarşısında cinayət məsuliyyətini ehtiva edir.

Ermənistan yuxarıda adı çəkilən 2006-cı il tarixli beynəlxalq konvensiyaya 24 yanvar 2011-ci ildə qoşulsa da, onun müddəalarını kobud şəkildə pozub. Həmin sənədin birinci maddəsinə görə, heç kəs zorakılıqla yoxa çıxarıla bilməz. Heç bir müstəsna hal, müharibə vəziyyəti və ya müharibə təhdidi, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə vəziyyət, zorla yoxa çıxarılmaya haqq qazandıra bilməz. Ancaq konvensiyanın qəti imperativ tələblərinə baxmayaraq, Ermənistan bu mühüm sənədin müddəalarını ənənəvi olaraq pozub.

Ermənistanın beynəlxalq hüquqa hörmətsizliyinin növbəti nümunəsi - hərbi əsirlər və girov götürülmüş şəxslərlə qəddar və qeyri-insanı davranışdır.

Beynəlxalq humanitar hüququn təməlini təşkil edən və 7 iyun 1993-cü ildə Ermənistanın qoşulduğu “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il tarixli III və IV Cenevrə konvensiyaları qeyd edilən şəxslərlə dəqiq hüquqi davranış qaydalarını müəyyən etmələrinə baxmayaraq, istər hərbi əsirlər, istərsə də Azərbaycanın mülki əhalisi amansızlıqla qətlə yetirilib ya da ağlasığmaz işgəncələrə məruz qalıb. Bu cür ağır beynəlxalq cinayətlərin izlərinin itirilməsi üçün hətta onların qurbanlarının cəsədləri Azərbaycan tərəfinə təqdim edilməyib. Halbuki Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra 1 600-ə yaxın erməni əsgərinin cəsədini qarşı tərəfə verərək, bir daha beynəlxalq humanitar hüquqa sadiqliyini təsdiq edib.

Baxmayaraq ki, III Cenevrə konvensiyasının 13-cü maddəsi hərbi əsirlərin ölümünə səbəb olan və ya sağlamlığı üçün ciddi təhlükə yaradan hərəkətləri və ya hərəkətsizliyi birmənalı olaraq qadağan edir, erməni tərəfi əsir və girovlara qeyri-insani münasibət bəsləyərək, onlardan geniş miqyasda əvvəllər işğal altında olmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin, inzibati binaların sökülməsində, sağlamlıq üçün həddən artıq zərərli sahələrdə istifadə edib, işgəncələrə məruz qoyublar. Beynəlxalq humanitar hüququn qəti qadağasına baxmayaraq, ermənilər əsir və girovları qanunsuz tibbi eksperiment obyektinə çevirərək, şualanmaya məruz qoyub, mənşəyi məlum olmayan maddələri bədənlərinə yeridiblər. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn ciddi pozuntusu olaraq, müharibə cinayətləri kimi qiymətləndirilir və həm dövlətdaxili müstəvidə, həm də beynəlxalq səviyyədə fərdi cinayət məsuliyyətinə səbəb olur.

“Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə konvensiyasının müddəalarının pozulmasını da Ermənistan adi hala çevirib. Baxmayaraq ki, Cenevrə konvensiyaları üçün ümumi olan üçüncü maddə və ayrıca olaraq IV Cenevrə konvensiyasının 34-cü maddəsi girov götürülməsini qadağan edir, öz növbəsində Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin səkkizinci maddəsi bu əməli müharibə cinayəti kimi tövsif edir. Erməni silahlı qüvvələri isə bütün bunların fonunda kütləvi şəkildə Azərbaycanın dinc mülki əhalisini girov götürərək, onları qətlə yetirərək, işgəncələr verərək, vandallığı və orta əsrlərin barbarlığını bütün dünyaya nümayiş etdirib. Hətta dövlətlərin təcrübəsində girov götürülməsi qadağasının silahlı münaqişələr dövründə tətbiq olunan beynəlxalq adət hüququ norması kimi müəyyən edilməsi belə, düşməni qəddarlıqdan çəkindirə bilməyib.

Baxmayaraq ki, beynəlxalq humanitar hüquqda silahlı münaqişələr dövründə qadınlar və uşaqlar xüsusi müdafiədən istifadə edən şəxslər sırasına daxil edilir, erməni silahlı qüvvələri onlara münasibətdə beynəlxalq hüququn imperativ normalarını pozaraq, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətlər törədiblər. Bu cinayətlər sırasında Xocalı soyqırımı xüsusi olaraq qeyd edilməlidir. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq, onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl yaşda olan insan vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı əsir və girov götürülənlərin 196 nəfərinin, o cümlədən, 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Erməni tərəfinin hərbi əsirlər və girovlarla davranışı Cenevrə konvensiyalarına 8 iyun 1977-ci il tarixli I saylı Əlavə Protokolun 43-cü maddəsində nəzərdə tutulmuş bütün kateqoriya müharibə cinayətlərini özündə cəmləşdirib. Təəssüf ki, hətta beynəlxalq cinayətlərə görə məsuliyyətin həyata keçirilməsində belə, qlobal səviyyədə ikili standartlar hökm sürür və bunun nəticəsində Azərbaycan ərazisində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş canilərin bəziləri hələ ki məsuliyyətdən boyun qaçırmağa müvəffəq olurlar. Ancaq müharibə adətləri və qanunlarını pozan cinayətkar erməni millətçiləri unutmasın ki, bir gün onlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin gedişində beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini pozan ermənilərin layiq olduqları cəzalara məhkum edilmələri bunu əyani sürətdə təsdiq edir.

Eyni zamanda xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq normaları və milli qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirləri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yaradılan dövlət komissiyası qeyd edilən şəxslərin vətənə qaytarılması, əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi, beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistanın qeyri-insani hərəkətlərinə dünya birliyinin, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətinin cəlb edilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Teqlər: