28 Fevral 2024
Azərbaycanın dünya çempionu: "Erməniyə məğlub ola bilməzdim"

Azərbaycanın dünya çempionu: "Erməniyə məğlub ola bilməzdim"

08 Noyabr 2021
Baxış: 2116

"Yarışa çox ciddi hazırlaşmışdıq. Yaxşı təlim-məşq toplanışı keçmişdik. Federasiya bizim üçün bütün lazımi şəraiti yaratmışdı. Bizim öhdəmizə düşən də çempion olmaq idi. Şükürlər olsun, buna nail oldum. Hədəflərim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq".

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmanı qələbəsini Azərbaycan xalqına həsr etdiyini bildirib: "Bu gün Zəfər Günüdür. Sevindiricidir ki, uğurumuz bu ərəfəyə təsadüf etdi. Qələbəmi şəhid ailələrinə, qazi qardaşlarımıza, Qarabağ uğrunda döyüşən bütün əsgərlərimizə həsr edirəm".

1/4 finalda Ermənistan güləşçisi Manvel Xndzrtsyana qalib gələn Rzazadə həmin görüşdə məsuliyyətin daha böyük olduğunu vurğulayıb: "Həmin qarşılaşmaya daha çox hazırlaşdım. Qələbə qazanacağımı bilirdim. Sevinirəm ki, bunun öhdəsindən gəldim. Erməniyə məğlub ola bilməzdim. Çünki qarşıdan Zəfər Günü gəlirdi. Qalib gəldim ki, ikiqat sevinc olsun".

O, sonda 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və qələbə qazanmaq arzusunda olduğunu əlavə edib.