18 İyul 2024
Azərbaycanda yeni DƏLƏDUZLUQ ÜSULU: "Soliton"un adı ilə... - XƏBƏRDARLIQ!

Azərbaycanda yeni DƏLƏDUZLUQ ÜSULU: "Soliton"un adı ilə... - XƏBƏRDARLIQ!

24 İyun 2024
Baxış: 447

Son zamanlar dələduzluq faktları artır. Artıq fırıldaqçılar "fəaliyyətləri"nə süni intellekti də alət ediblər. Belə ki, dələduzlar süni intelektin onlara təqdim etdiyi imkanlardan professional şəkildə istifadə edirlər. İnsanların səsini təqlid edərək yaxınlarından, tanışlarından kart məlumatlarını istəyirlər. Hətta inandırıcı olsun deyə, məşhur mağazaların adlarından da istifadə edirlər...

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Sfera.az-a şikayət daxil olub.

Şikayətçi qeyd edir ki, sosial şəbəkə hesabları oğurlanıb. Hesabı oğurlayanlar süni intellektin köməyi ilə onun səsindən istifadə edərək qohumları və tanışları ilə əlaqə saxlayıb:

"Dələduzluq edən şəxs “Soliton mağazasının 32- ildönümü münasibətilə insanlara 500 manatlıq alışveriş çeki” verildiyini söyləyərək, onları da bu yarışa qoşulmağa dəvət edib və kart məlumatlarını istəyib. Tanışlarım da mənim səsim olduğu üçün həmin şəxsə inanıblar və kart məlumatlarını göndəriblər.


Hazırda dostlarımın birinin kartından 8000, digərlərindən 1850 və 225 manat pul çıxarıblar. Bu barədə polisə müraciət etmişəm. Sosial şəbəkə hesablarımı kütləvi şəkildə şikayət etdirsəm də, hələ bağlanmayıb. Hesablarım o şəxsin əlində olduğuna görə səsimdən istifadə edərək insanları aldatmağa və pullarını oğurlamağa davam edir".

Məsələ ilə bağlı saytımıza açıqlama verən texnobloger Fərid Pərdəşünas bildirdi ki, hər texnoloji inkişafın müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də var:


Süni intellekt texnologiyalarında inkişafa nail olunduqca, onun pis əməllərdə, xüsusilə virtual oğurluq, fırıldaqçılıq kimi işlərdə istifadəsi gündən-günə artır. Bu keçdiyimiz illərdə “deepfake” olaraq da qarşımıza çıxıb.


Yəni başqa birinin görüntü və səsini təqlid etməklə süni intellektdən istifadə olunur. Bu kimi hallarla mübarizə aparmaq üçün şəxslər və qurumlar kibertəhlükəsizlik tədbirlərini gücləndirməlidir. Digər tərəfdən, güclü şifrələrdən istifadə etmək, iki faktorlu şəxsiyyət təsdiqetmə sistemini aktivləşdirmək, müntəzəm olaraq proqram təminatını yeniləmək başlıca ehtiyat tədbirlərindəndir. Elə süni intellektlə işləyən təhlükəsizlik proqramlarından da istifadə etməklə potensial təhdidləri əvvəlcədən aşkarlamaq mümkündür.


Hüquqşünas Ramil Süleymanov qeyd edib ki, dələduzluğa məruz qalan insanların sayında artım müşahidə edilir:


“Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri 500 manatdan artıq olsun. Eyni üsulla vurulmuş zərər 500 manatdan az olduqda xırda talama hesab olunur”.


Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə görə vurulan zərər 500-5000 manata qədər olarsa, dələduzluq faktı törədən şəxs 1000 manatdan 2000 manata qədər cərimələnir:


"Həmin şəxsə 2 ilə qədər azadlıqdan məhruetmə cəzası da tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə görə vurulan zərər 5000 manatdan 50000 manata qədər olarsa, dələduzluq törədən şəxs və yaxud şəxslər 2 ildən 5 ilə qədər azadlıqdan məhrum olunurlar".