26 Aprel 2024
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin nümünəsidir

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin nümünəsidir

28 May 2020
Baxış: 2409

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- Respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

Hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur. 1918-ci ilin həmin günü Azərbaycanda demokratik Respublika - Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

Yüz iki il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu.

Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

Azərbaycan Yəhudi Media Mərkəzi kollektivi Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May-Respublika günü münasibətilə, ajmedia.info oxucularını, eləcədə bütün Azərbaycanlıları ürəkdən təbrik edir, milli dövlətçiliyimizə inkişaf və müstəqilliyimizin əbədi olmasını arzu edirik.


Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri

Sumqayıt Yəhudi Dini icmasının təsisçisi

Nəsimi Əbilov

Teqlər: 28 may