20 Aprel 2024
Albert Eynşteyn və həyatı

Albert Eynşteyn və həyatı

06 May 2020
Baxış: 2673

XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yahudi ailəsində anadan olub. Uşaqlıq illəri Münxen şəhərində keçib.

1900-cu ildə Münxen Politexnikumunu bitirərək, riyaziyyat və fizika müəllimi diplomu alır.

1905-ci il fizika tarixinə “möcüzələr ili” kimi daxil olur. Həmin il Almaniyanın fizika sahəsində aparıcı jurnalı olan “Fizika salnaməsi”ndə Eynşteynin yeni elmi inqilabın başlanğıcını qoyan üç sanballı məqaləsi dərc olunur. 1905-ci ildə onun xüsusi nisbilik nəzəriyyəsi - işıq sürətinə yaxın sürətlə hərəkət edən cisimlərin mexanikası və elektromexanikası açıqlanır. Elə həmin il Eynşteyn bütövlükdə nüvə energetikasının əsasını təşkil edən kütlə və enerjinin (E=mc²) qarşılıqlı əlaqəsi qanununu kəşf edir.

Eynşteynin əsərləri böyük şöhrət qazanır. 1909-cu ildə o, Sürix Universitetinin, sonra Praqada Alman Universitetinin professoru seçilir. 1914-cü ildə Eynşteyn dərs demək üçün Berlin Universitetinə dəvət olunur. Berlində yaşadığı illərdə ümumi nisbilik nəzəriyyəsini başa çatdırır, şüalanmanın kvant nəzəriyyəsini inkişaf etdirir. Onun fotoeffekt nəzəriyyəsində işıq kvant (foton) axını kimi nəzərdən keçirilir. Fotonların varlığı 1922-ci ildə amerikalı fizik A.Komptonun eksperimentlərində təsdiq olunur. Eynşteyn fotokimyanın əsas qanununu (Eynşteyn qanunu) kəşf edir. Həmin qanuna görə, hər udulan işıq kvantı bir elementar fotokimya reaksiyası doğurur. O, 1916-cı ildə kvant elektronikasının əsasını təşkil edən atomların induksiyalı (məcburi) şüalanması hadisəsini nəzəri cəhətdən göstərir.

1921-ci ildə A.Eynşteynə Nobel mükafatı verilir. Amma o, bu nüfuzlu mükafata dahiyanə ümumi nisbilik nəzəriyyəsinə görə deyil, fotoeffekt nəzəriyyəsinə və nəzəri fizika sahəsində digər böyük işlərinə görə layiq görülür.

Albert Eynşteyn 76 yaşında vəfat edib.