18 İyul 2024
Ağsaqqal deputatlar seçkiyə qatılacaqlar? - Maraqlı cavablar

Ağsaqqal deputatlar seçkiyə qatılacaqlar? - Maraqlı cavablar

23 İyun 2024
Baxış: 357

Növbədənkənar parlament seçkisinin keçiriləcəyi xəbəri ortaya bir neçə sual çıxarıb. O suallardan biri belədir ki, Milli Məclisin tərkibi neçə faiz dəyişəcək? Yeni, gənc simalar orada təmsil olunacaqlarmı? Bir başqa sual müxalifətlə bağlıdır. Cəmiyyət hakimiyyətin siyasi rəqiblərinin qanunvericilik orqanında təmsilçiliyinin mümkün olub-olmayacağını maraqla gözləyir.

Nəhayət, ən maraqlı sual: Milli Məclisin stajlı və yaşlı deputatları yenidən seçkiyə qatılacaqlarmı?

Globalinfo.az bu sualla bağlı ağsaqqal millət vəkilləri arasında sorğu keçirib. SEO Xidməti

Deputat Fəzail Ağamalı qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib:

"Ümumiyyətlə, Ana Vətən Partiyası (AVP) seçkilərdə aktiv iştirak etməyi planlaşdırır. Respublikamızın ən qədim partiyalarından biri kimi, bütün keçən seçkilərdə namizədliyimiz irəli sürülüb. 1995-ci ildən bu günə qədər altı çağırışın hamısında iştirak etmişik. Ənənəyə sadiq olaraq qarşıdan gələn seçkidə də namizədliyimizi irəli sürəcəyik. Seçki elan olunduqdan sonra neçə nəfərin namizəd olacağı dəqiq bilinəcək".

Aqil Abbas sualımıza dəqiq cavab verə bilməyəcəyini deyib:

"Seçki öncəsi Qarabağa, öz elimizə, yurdumuza gedəcəyəm. Əgər məsləhət bilsələr, qatılacağam, bilməsələr yox".

Ən yaşlı deputatlardan olan Ziyad Səmədzadə bu haqda dəqiq bir söz deməyin çətin olduğunu bildirib:

"Açığı, bununla bağlı hələ fikirləşməmişəm. Görək, necə edirəm".

VHP sədri Sabir Rüstəmxanlı hələ qərar vermədiklərini açıqlayıb:

"Bu barədə partiyamız hələ müzakirə aparacaq. Yəqin ki, qərarımız bir həftə, uzağı 10 günə hazır olar. Ümumi vəziyyətə baxdıqdan sonra kimlərin namizədliyini irəli sürəcəyi məlum olacaq. İndiyə kimi parlamentdə partiyamızdan üç nəfər deputat olub. Çalışacağıq ki, bu rəqəm azalmasın".

Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin hazırda Rusiyada olduğunu bildirib:

"Biz bir neçə deputatla Moskvada tədbirdəyik. Bakıya bazar ertəsi qayıdacağıq. Seçki ilə bağlı rəsmi açıqlama verildikdən sonra nəsə deyə bilərəm. İndi bir söz demək üçün tezdir. Yəqin Bakıya qayıtdıqdan sonra bir qərar verərik".

Teqlər: Deputat