19 Aprel 2024
ABŞ-ın “Bukharian Times” qəzetində “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqalə dərc olunub

ABŞ-ın “Bukharian Times” qəzetində “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqalə dərc olunub

23 Aprel 2020
Baxış: 402

ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikası ən tolerant ölkələrdən biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır. Ölkədə bir-birindən 150 metr məsafədə məscid, kilsə və sinaqoqların yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrı-seçkiliyin olunmadığını göstərir. Bir neçə il əvvəl Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyrətlənmişlər.

Müəllif qeyd edir ki, Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənib və bu gün də fərqlənir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma katolik kilsəsinin keçmiş başçısı, mərhum II İoann Pavelin Azərbaycana tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar.

Məqalədə qeyd edilir ki, Azərbaycan hökuməti tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirir. Dözümlülük ənənələrini və dinlərarası əməkdaşlığı formalaşdıran bir nümunə olaraq, həm bərpa, həm də yeni ibadət evlərinin tikilməsinə dövlət dəstəyi göstərilir. Məsələn, 2011-ci ildə Bakıdakı “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülərək bərpa edilib. Həmçinin Katolik kilsəsinin inşası, Rus Pravoslav Katedralının, Müqəddəs Məryəm katolik kilsəsinin, Kiş məbədinin və Qafqaz Albaniyasının bütün mədəni-tarixi irsinin bərpası da məhz dövlət tərəfindən həyata keçirilib. Dözümlülük ənənələri sağlam və güclü münasibət qurmaq üçün həssaslığa yanaşma kimi fundamental dəyərlərə əsaslanır.

Daha sonra F.Hüseynzadə qeyd edir ki, ölkəmizdə dini inanclarını, adət-ənənələrini maneəsiz şəkildə yaşayan azlıqlardan biri də yəhudiləridir. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərlərində məskunlaşıblar. Yəhudilər Azərbaycanda 3 icma ilə - Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar. Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Gennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir. Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir.

Müəllif yazır ki, ötən ilin oktyabr ayında AŞPA-nın payız sessiyasında “Yəhudi mədəni irsinin qorunması” adlı məruzə ilə bağlı müzakirələrdə qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva deyib ki, yəhudi irsi Azərbaycanda dəyər verilən və qorunub saxlanılan irslərdən biridir: "Azərbaycanda yəhudilərin tarixi təxminən iki min ildir. Bu gün yəhudi icması Azərbaycanda ən fəal və nüfuzlu dini icmalardan biridir". Deputat qeyd edib ki, Azərbaycanda yəhudi irsinin qorunması məqsədilə bir sıra müştərək təşkilatlar yaradılıb: Azərbaycan-İsrail Dostluq Mərkəzi, "Soxhnut" yəhudi agentliyi, yəhudi adət-ənənələrinin qorunması komitələri - "Birgə" və "Vaad-L-Xetzola", dini məktəblər, Yəhudi Mədəniyyət Mərkəzi, ölkədə fəaliyyət göstərən "Eva" qadın cəmiyyəti, "Hesed-Kershon" xeyriyyə cəmiyyəti, "Alef" gənclər klubu, "Hillel" Tələbə Təşkilatı, bir sıra yeni qəzetlər var. Yəhudi icmalarının köməyilə bir çox mədəni tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr olunur. 2010-cu ildə Heydər Əliyev Fondunun "Azərbaycan - dözümlülüyün ünvanı" layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün Khabad-Or-Avner təhsil mərkəzi tikilib. 450 şagirdlik mərkəz yəhudi mədəniyyətinin əsaslarını tədris edir. Bu gün Azərbaycanın paytaxtında, eləcə də Quba və Oğuz şəhərlərində bir neçə sinaqoq fəaliyyət göstərir. 2003-cü ildə Bakıda açılmış sinaqoqun Avropada ən böyük sinaqoq olduğu məqalədə vurğulanır.

Yəhudi irsinin qorunmasının digər bir bariz nümunəsi Azərbaycanın Quba şəhərinin yaxınlığında yerləşən, yeddi sinaqoqu olan Qırmızı Qəsəbə adlanan yaşayış məskənidir. Qırmızı Qəsəbə Azərbaycanda və ondan kənarda dağ yəhudilərinin maddi və mənəvi mədəniyyətinin inkişafı və qorunması mərkəzi kimi tanınıb. Bu qəsəbənin "Qafqazın Qüdsü" adlandırılması təsadüfi deyil. Yəhudilik ənənələrinin qorunması və inkişafı yəhudi icmasının həyatı ilə ayrılmaz dərəcədə əlaqəlidir. Hazırda fəaliyyət göstərən altı qübbəli sinaqoq Tövratın səhifələrini oxumaq üçün geniş təlimata (təxminən 70) malikdir. Qırmızı Qəsəbədəki yəhudi icmasının qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının öhdəlikləri Konstitusiyada və parlamentin qəbul etdiyi qanunlarda əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.

Məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində Azərbaycanda, eləcə də həm digər müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra tədbirlər təşkil edilib.

Azərbaycanda dinlərarası tolerantlığın çox güclü təməl dayaqları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşayıblar. Həmçinin erməni xalqının nümayəndələri də bu ərazilərə gəldikdən sonra Azərbaycan xalqı ilə birgə yaşayıblar. Xalqların bir-birilərini daha da yaxından tanıması və əlaqələrin möhkəmlənməsində mədəniyyət sahəsində layihələrin keçirilməsi önəmlidir.

Qeyd edək ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin "Azərbaycan həqiqətləri dünya mediasında" layihəsi çərçivəsində Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabovanın dəstəyi ilə dərc olunub.